Müqəddəs Xatirəsinə baş əyirəm.
Məni yola salıb son mənzilimə
Niyə inanmırsan qayıdacağam.
Batma, təsəllisiz, kədərə, qəmə,
Niyə inanmırsan qayıdacağam?!
Gözümdə muradım, könlümdə arzum,
Getdim qorumağa Vətəni, quzum.
Kim deyir ki, vaxtsız axdı ulduzum?
Bir az dəyişmişəm, qara torpağam,
Niyə inanmırsan qayıdacağam?!
Köksümdə ufacıq bir əksin vardı,
Mərmi ürəyimlə birgə apardı,
Baxma ki, anam da fəryad qopardı,
Hələ o da bilmir əbədi sağam,
Niyə inanmırsan qayıdacağam?!
Bizi salamlarkən yaylım atəşi,
Gördüm gözlərində ümidsiz yaşı
Əl saxla, qızların yolunmaz başı!
Yenə güvəndiyin sarsılmaz dağam,
Niyə inanmırsan qayıdacağam?!
Gedəndə demişdim yolumu gözlə,
Döndüm, yanındayam, oxşa, əzizlə,
Mən tək dəliqanlı bir parça bezlə
Bürünüb məzarda uzanacağam?!
Niyə inanmırsan qayıdacağam?!
Avtor - Gövhər Əntiqə